GÜNÜN ŞƏRHİ
“Böyük fəlakət” ifadəsi erməni lobbisinin təzyiqi altında olan Barak Obama üçün bir tapıntıdır. ABŞ prezidenti bu tapıntı sayəsində “soyqırımı” ifadəsini işlətməsə də, ermənilərin könlünü almış olur. Ermənilər öz dillərində 1915-ci il hadisələrini “Meç Eqerna”, yəni “böyük fəlakət” adlandırır və Obamanın eyni sözü ingilis dilində deməsi ilə özlərinə təsəlli verirlər. ABŞ prezidentinin bu ifadəni işlətməyə özünü məcbur hesab edir, bəs Kılıçdaroğlunu 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmağa məcbur edən nədir? Atatürkün mirası olan partiyaya rəhbərlik edən bu şəxs cəmi 63 min səsə sahib ermənilərin səsinə seçkilərdə bu qədərmi möhtacdır? CHP liderinin “erməni açılımı” təkcə qondarma soyqırımı de-fakto tanımaqla bitmir. Kılıçdaroğlu türklərin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edən erməni qadını İstanbuldan namizəd göstərir, hər il Xocalı soyqırımının ildönümündə Türkiyə parlamentində CHP adına açıqlama verərək ermənilərin təcavüzkar siyasətini pisləyən azərbaycanlı Əli Özgündüzün adını namizədlər siyahısından çıxarır, qondarma soyqırımı iddialarına qarşı mübarizə aparan önəmli təşkilatın – ASİMDER-in rəhbərini əvvəldən söz verməsinə rəğmən deputatlığa namizəd göstərmək imtina edir, üstəlik “ermənilərin 100 il əvvəl yaşadığı böyük fəlakətin acılarını bölüşməliyik” məsləhəti verir. 100 illik ərəfəsində Roma Papasının və Avropa Parlamentinin qondarma soyqırımını tanıması sürpriz deyil, sürpriz olan Kamal Kılıçdaroğlunun maskasının düşməsi, gerçək simasının üzə çıxmasıdır. CHP-nin seçki şüarı ilə desək, Kılıçdaroğlunun bu gerçək simasını “alqışlıyoruz, millətcə alqışlıyoruz”.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Aprel
145