Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib. O, N. Qəhrəmanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv olunması barədə şikayətinin təmin edilmədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsi N. Qəhrəmanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin iyulun 3-dək uzadılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.