Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu şübhəli şəxs qismində tutulub.
MTN İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, faktlarla bağlı nazirliyin İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Ramizzadə Hafiz Ruslan oğlu və Qaragözov Aydın Nadir oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib. Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə, Aydın Qaragözov isə 2011-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.
Təqsirləndirilən digər şəxslər - Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fəzail oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumat üçün bir daha bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.