Moskvada polis iyunun 4-dən 10-dək 39 etnik cinayətkar dəstəsi zərərsizləşdirib. APA-nın xəbərinə görə, bu barədə “TASS”a Rusiya DİN-nin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliakperov bildirib.
“Moskva polisinin keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində iyunun 4-dən 10-dək 39 etnik cinayətkar dəstəsinin fəaliyyətinin qarşısı alınıb”, deyə o bildirib. Əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstələrin 227 fəal üzvü saxlanılıb, onlardan 65 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
“Əməliyyat zamanı keçirilmiş 446 baxış zamanı 3,5 kq narkotik vasitələr, 63 ədəd odlu silah aşkarlanaraq götürülüb. Bir həftə ərzində etnik cinayətkar qruplar tərəfindən törədilmiş 3 qətl, 16 soyğunçuluq, 25 qarət, 7 mənzil və 14 avtomobil oğurluğu daxil olmaqla 215 cinayətin üstü açılıb.
Moskva polisi etnik əlamətli mütəşəkkil cinayətkar dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.