Mircəfər Bağırovun həbsxanada çəkilmiş fotosu yayılıb. Lent.az-ın məlumatına görə, fotonu Facebookda tarixçi Ədalət Tahirzadə paylaşıb. Ə.Tahirzadə foto ilə birlikdə məşhur Nəbibəyovlar nəslinə ithaf etdiyi yazını da yayımlayıb. Yazıda Ə.Tahirzadə M.Bağırovun ünvanına bir neçə ittiham səsləndirib: “Bu gün Azərbaycan cəlladı Mircəfər Bağırovun ad günüdür (M.Bağırovun doğum günü dünən idi və foto da dünən yayımlanıb-red). Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub. Öncə Əli bəy Zizikskinin (Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü-red) müavini kimi Qubada erməniləri və bolşevikləri qırıb, sonra Azərbaycan "ÇK"-sının sədri və daxili işlər komissarı kimi bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-cu ildə Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin 1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu isə aşağıda gördüyünüz kimidir - on minlərcə yurddaşımızı məhv etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəklidir”.
Mircəfər Bağırov 1933-53-cü illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi olub. Bundan əvvəl Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932 – dekabr 1933; aprel-iyul 1953) vəzifəsində də çalışıb.
1955-ci ildə həbs olunub. 1956-cı ilin 12-26 aprel tarixlərində Bakıda keçirilmiş məhkəmədə ən ağır cəzaya – güllələnməyə məhkum edilib və rəsmi məlumata görə hökm yerinə yetirilib.