Masallıda valideynlərinin imtina etdikləri əkiz uşaqlar ailəsinə qaytarılıb. Lent.az-ın məlumatına görə, bu, rayonun icra strukturlarının müdaxiləsindən sonra mümkün olub. Törətdikləri əməldən peşman olan ata, 79 yaşlı Əliniyaz Nəzərov bir neçə gün öncə körpələrin dalınca Bakıya getsə də, uşaq evindən əkizləri ona verə bilməyəcəklərini bildiriblər. Masallı rayonunun müvafiq orqalarının yaxın köməkliyi sayəsində körpələr sentyabrın 11-də Bakıya ezam olunmuş həkim briqadasının müşayəti ilə təcili yardım maşınında gətirilərək valideynlərinə təhvil verilib. Körpələr həkim müayinəsindən keçirilib və səhhətlərində heç bir problemin olmadığı bildirilib.
Ailənin maddi durumunun yaxşılaşdırılması məqsədilə rayonun müvafiq qurumlarına tapşırıqlar verilib.
Qeyd edək ki, iki həftə öncə Masallının Şatıroba kənd sakini, 1981-ci il təvəllüdlü Şahnaz Həsən qızı Nəzərova rayonun Boradigah qəsəbə xəstəxanasında əri, 1935-ci il təvəllüdlü Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Həkimlərin səyləri nəticəsində sapsağlam dünyaya göz açan qızın çəkisi 3,2 kq, oğlanınkı isə 2 kq olub. Amma doğuşdan cəmi bir neçə saat sonra ana hamını şoka salan ağlasığmaz hərəkət edib: o, övladlarını doğum şöbəsində qoyaraq evinə qayıdıb. Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.
Əlavə edək ki, 79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan əkizlərdən əlavə daha 3 övladı – 2 oğlu, 1 qızı var.