APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan Qazax rayon sakini Cavid Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, Qazax istiqamətində hərəkət edən Şəmkir rayon sakini Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes Vita” markalı sərnişin mikroavtobusu qarşı- qarşıya gələrək toqquşub. C. Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına çəkən zaman arxadan gələn “VAZ -2107” markalı minik avtomobil Ə. Əliyevin idarə etdiyi sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “VAZ” markalı maşında olan 1 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
**
Kürdəmirdə ölümlə nəticələn ağır-yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “Mercedes-VİTA” markalı mikroavtobusla, “MERCEDES” və “VAZ” markalı minik avtomobillərinin toqquşub. Nəticədə "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindirilib. Yol kənarına düşən meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyatı qurumlara təhvil verilib. Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır.