Kürdəmir sakinindən narkotik tərkibli maddə götürülüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elman Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış keçirərkən ondan kibrit qutusunda qablaşdırılmış çəkisi 5.53 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Daha sonra E.Haqverdiyevin rayonun Heydər Əliyev küçəsində yerləşən mənzilinə baxış keçirərkən əməliyyatçılar oradan da, ümumi çəkisi 455 qram eyni tərkibli narkotik götürüblər.
İlkin dindirmə zamanı təqsirləndirilən şəxs ümumi çəkisi 460,53 qram olan narkotik tərkibli maddəni ötən ilin avqustunda naməlum mənbədən şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Qeyd edək ki, Elman Haqverdiyev əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.