Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda psixotrop dərman həbini dövriyyədən çıxarıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Ağdam rayon sakini İlham Otarud saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda “Rivatril” psixotrop dərman preparatı aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İ. Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub. R.Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli “Rivatril”, “Klonezapam" və "Relanium" dərmanları da aşkar edilərək götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işlər başlanıb.
Araşdırmalar davam etdirilir.