Azərbaycanın tanınmış jurnalisti Aida Eyvazova Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskiyə məktub yazıb. Lent.az-ın aznews.az-a istinadən verdiyi xəbərə görə, jurnalist Kəlbəcərdə doğmalarının qəbrini ziyarət etməyə gedən və girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı məsələni V.Jirinovskinin diqqətinə çatdırıb: “Cənab Vladimir Volfovic. Mən adi Azərbaycan vətəndaşıyam. Peşəm jurnalistdir. Siz yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda nələr baş verir, hansı problemləri və uğurları var. Bir neçə həftə bundan əvvəl bizim soydaşlarımız və Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni postlarını keçərək erməni əsarətində doğulub boya-başa çatdıqları Kəlbəcərə gediblər. Öz doğmalarının qəbirlərini ziyarət etmək istəyiblər. Onların buna həm insan kimi, həm də hüquqi cəhətdən haqları var. Siz çox gözəl bilirsiniz ki, bu torpaqlar türk torpaqlarıdır və tarixən də biz azərbaycanlılara məxsusdur. Sizin ibarənizlə desək, xəzərilərə. Son zamanlar Siz Azərbaycanın tərəfini saxlayırsınız. Mən inanıram ki, ermənilərin əsirlikdə saxladıqları, qanını içdikləri soydaşlarımızın əsirlikdən qaytarılmasında vasitəçi ola bilərsiniz. Sizin yardımınızı istəyirəm! Bu məktubu da sizə böyük ümidlə yazıram. İnanıram ki, Rusiya vətəndaşlarını və bizim soydaşlarımızın erməni əsirliyindən qaytarılmasında, onların erməni əsirliyindən alınmasında yardımçı ola bilərsiniz. O zaman gəlib əllərinizdən öpəcəyəm. İnanıram ki, danışdığım hadisə sizi narahat edəcək! Cavab gözləyirəm”.
Artıq A.Eyvazovanın məktubuna cavab gəlib. V.Jirinovski jurnalistin məktubuna qısa cavab verib: “Будем работать в этом направлении...” (“Bu istiqamətdə işləyəcəyik...”).