Türkiyədən Liviyaya gəmi aparan üç azərbaycanlıdan sonuncusunun kimliyi məlum olub.
Bu barədə APA-ya gəmidə olan azərbaycanlı Fərid Əliyevin qardaşı Zaur Əliyev məlumat verib.
O bildirib ki, həmin şəxs Möhlüd Rəşidbəylidir. Onun kimliyini Türkiyədə çalışan dənizçi Zaur Ağalıyevin sayəsində öyrənmək mümkün olub.
Bu gün F. Əliyevin ailəsi gəmidə kapitan olan Namiq Salamovun ailəsi ilə birlikdə Xarici İşlər Nazirliyinə gedərək ailə üzvlərinin tapılmasında köməklik göstərilməsini istəyiblər: “Namiq Salamovun ailəsinin axtarışlarımızdan yalnız dünən xəbəri olub. Digər şəxs barədə isə bu gün bilmişik”.
Xatırladaq ki, 3 azərbaycanlı “Gebze Denizçilik” şirkətində işləmək üçün Türkiyəyə gedib. Z. Əliyevin sözlərinə görə, onlar şirkətə məxsus gəmini Liviyaya aparmaq üçün yola çıxıblar. Onlarla birlikdə gəmidə Türkiyə vətəndaşı olub. Ailəsi F. Əliyevlə sonuncu dəfə fevralın 21-də əlaqə qura bilib. Həmin vaxt dənizçi Yunanıstan sahillərində ciddi qəza keçirdiklərini, hər şeyin yaxşı olduğunu və Liviyaya 3 gündən sonra çatacaqlarını deyib. “Onlar dənizçidir, bəzən uzun müddət səsləri çıxmaya bilər, zəng çatmır. Lakin bizi şübhələndirən o oldu ki, kapitan Namiq Salamov fevralın 27-də Azərbaycana gəlməli idi. Onun gəlməməsi şübhə yaradıb. Biz şirkət rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Ərcan Dəliürək bildirib ki, hazırda xaricdədir, Namiqlə əlaqə saxlayır, hər şey qaydasındadır. Deyib ki, motor xarabdır, tezliklə əlaqə saxlamaq mümkün olacaq. Lakin bu məlumatları bizə telefonla deyirlər, canlı sübut yoxdur. Səsi yazıb göndərsinlər, biz də inanaq”, - deyə F. Əliyevin qardaşı bildirib.
Əlavə edək ki, yaxınları dənizçilərlə fevralın 21-dən əlaqə qura bilmirlər. Məsələni Azərbaycanın Türkiyədəki səfirliyi diqqətdə saxlayır. AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, XİN işləmək üçün Türkiyəyə gedən və yaxınları tərəfindən itdiyi iddia edilən 3 nəfər Azərbaycan vətəndaşının taleyi ilə bağlı araşdırmalara başlayıb.
14:14
“İşləmək üçün Türkiyəyə gedən və fevral ayının 20-də İzmit limanından Liviyaya gəmi aparmaq üçün yola düşən azərbaycanlılarla son günlər danışmaq imkanım olmayıb. Hazırda onlarla əlaqə qurmaq istəsək də bu cəhdlərimiz boşa çıxır”.
Lent.az anspress-ə istinadən bildirir ki, bu sözləri həmyerlilərimizin “Kalkanlar 1” gəmisini Liviyaya aparmaq üçün razılığa gəldikləri “Gebze Denizçilik” şirkətinin rəhbəri Ercan Dəliürək deyib. Onun sözlərinə görə, texniki nasazlıq yarandığı üçün Yunanıstan sahillərində olan gəminin ekipaj üzvləri ilə sonuncu dəfə 3-4 gün əvvəl danışıb: “İndi də həmin 4 nəfərlə əlaqə qurmağa çalışırıq. Ancaq təəssüf ki, indiyə qədər danışa bilməmişik. Onların taleyindən mən də xəbərsizəm. Gün ərzində hansısa bir məlumat alsam, bu barədə xəbər verəcəm”.
Artıq 17 gündür ki, talelərindən heç bir xəbər olmayan Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (matros) və Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Möhlüd Firudin oğlu Rəşidbəylinin valideynləri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinin qarşısına toplaşıblar. Onlarla görüşən nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki Baş Konsulluğu məsələnin araşdırılması üçün “Gebze Denizçilik” şirkəti və müvafiq dövlət qurumları ilə araşdırmalara başlayıb: “Bununla bağlı İstanbuldakı baş konsulluğun bir əməkdaşı bu məsələyə görə təhkim edilib və konsulluq məsələni diqqətdə saxlayır”.
İşləmək üçün Türkiyəyə gedən 3 Azərbaycan vətəndaşı fevral ayının 20-də Liviyaya gəmi aparmaq üçün yola düşüblər və bir gün ailələrinə zəng vurublar. Dənizçilərlə müəyyən yol qət etdikdən sonra fırtınaya düşdüklərini deyiblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur. Onlar “Gebze Denizçilik” adlı şirkətlə əməkdaşlıq ediblər və şirkətə məxsus “Kalkanlar 1” adlı gəmini Liviyaya aparıb orada əvvəlcədən təyin edilmiş şəxsə təhvil vermək barədə razılığa gəliblər.