IV İslam Həmrəyliyi Oyunlarında yarışlar zamanı önəmli olan məsələlərdən biri də təhlükəsizliyin qorunmasıdır. Beynəlxalq tədbir zamanı təhlükəsizlik məqsədi ilə daxili işlər orqanlarının 252-si qadın olmaqla 12 min əməkdaşı cəlb olunacaq. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülüb. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Lent.az-a bildirib ki, daxili işlər orqanları əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmır: “DİN İdman Cəmiyyətinin yetirmələri də yarışda qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın proqramına daxil olan 21 idman növündə ölkəmiz 335 idmançı ilə təmsil olunacaq. Onların arasında daxili işlər orqanlarının və DİN İdman Cəmiyyətinin yetirmələrindən 14 idmançı - Olimpiya mükafatçısı, istefada olan mayor İradə Aşumova, zorxana güləşi üzrə dünya və Avropa çempionu, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev, bir sıra beynəlxalq turnirlərin qalibi, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Reqina Meftaxetdinova və digər tanınmış idmançılar yarışın baş mükafatları uğrunda mübarizə aparacaq. DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən məşhur hakimləri kimi bu yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edəcəklər”.
İslam Oyunlarında Azərbaycan polisi də yarışacaq
227