İranda 27 nəfər edam edilib. Lent.az-ın Dünya Azərbaycanlılar Konqresinin (DAK) saytına istinadən məlumatına görə, təkcə iyunun 8-də səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında 11 nəfər dara çəkilib.
Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbusların ad və soyadları açıqlanmayıb. Elə həmin gün səhər saatlarında daha 8 məhbus narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək Bəndərabbas şəhərinin həbsxanasında edam olunub. Onların ad və soyadları qeyd olunub. Bundan əlavə, iyunun 5-də səhər saatlarında 7 nəfər Şiraz şəhərinin Adilabad həbsxanasında dara çəkilib. Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbusların ad və soyadları müəyyənləşdirilməyib və edamlar barədə rəsmi mətbuatda hər hansı bir məlumat yayılmayıb. Eyni zamanda, Mazandaran vilayətinin Qaimşəhr şəhərinin həbsxanasında 1 nəfər edam edilib. Məhbus qətldə günahlandırılaraq iyunun 8-də səhər saatlarında qisas hökmü əsasında dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd olunub.