İmişlidə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi Yusifova Gülsurə Baba qızına məxsus olan Xaqani küçəsi ev 38-də qeydə alınıb.
Otaqlardan birində yaranan alov qısa müddətdə digər otaqlara keçib. 168 kvadratmetr sahəsi olan bir mərtəbəli və 6 otaqdan ibarət olan evin 90 kvadratmetri əşyaları ilə birgə yanıb.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.