Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
09:56
Erməni silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat cəhdinin qarşısı alınıb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb: “Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib”.
Məlumatda bildirilir ki, düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.