"Rəhmətlik Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətik. Biz ayırmırıq. Mitinqi boş verin, biz Qarabağda canımızı verməyə hazırıq". Bu fikirləri Türkiyənin İğdır vilayətində Azərbaycana dəstək mitinqinin təşkilatçı Tan Dəmirkaya APA TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əlican sərhəd-keçid məntəqəsində mitinq iğdırlılar adından keçirilib: "İğdırda yaşayan insanlar olaraq, İğdırda yaşayan Azərbaycan türkləri olaraq belə bir təşkilatçılıq etdik. Bu mitinqi cəmi iki-üç gündə təşkil etdik. Polisin bizə verdiyi rəqəmə görə, mitinqə 3000-3500 insan gəlib".
Tan Dəmirkaya iğdırlıların Qarabağda müharibə başlayacağı təqdirdə döyüşməyə hazır olduqlarını deyib:“Orada Azərbaycanla bağlı, Ermənistanın etdiyi haqsızlıq, işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı çıxışlar oldu. Şəhidlərimizə Quran oxutduq. Bu gün Naxçıvanda bir şəhidimiz var. Hazırda şəhid ailəsinə başsağlığı vermək üçün Naxçıvandayam. İğdır xalqı bu məsələdə diqqətlidir. Hazırda baş verəcək böyük müharibədə mən də daxil, çoxlu dostlarım Qarabağda savaşmağa hazırdır. Yəni, Qarabağda döyüşməyə hazır olan minlərlə Azərbaycan türkü var. Biz İlham Əliyevi də öz prezidentimiz olaraq görürük. Onun bir əmri ilə Türkiyədən minlərlə gənc sevə-sevə Qarabağda müharibə etməyə gələcəkdir” .