İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Bəhmən İmanov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumata verən E. Behbudov bildirib ki, monitorinqin keçirilməsində məqsəd saxlanılan şəxslərin şəraiti, onlara qarşı münasibəti öyrənmək olub: “Orada hazıra 9 nəfər saxlanılır. Saxlanılan şəxslərin əksəriyyəti dələduzluqda təqsirləndirilir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.
E. Behbudov monitorinq zamanı idarənin rəisi, general-mayor Seyfulla Əzimovla görüşdüklərini bildirib: “Bizim komitəyə daxil olan müraciətləri Seyfulla Əzimovun diqqətinə çatdırdım. O da istintaq idarəsinin rəisini çağırıb tapşırıq verdi ki, həmin məsələlər araşdırılsın. Seyfulla müəllimdən iş adamların həbs olunması barədə də soruşduq. O bildirdi ki, onların əksəriyyəti azadlığa buraxılıb, bir neçəsinin barəsində isə cinayət işi başlanılıb və həmin şəxslər saxlanmaq üçün Bakı İstintaq təcridxanasına köçürülüblər”.
E. Behbudov Nizami Rayon Polis İdarəsinin 23, 24, 25-ci polis bölmələrində də monitorinq keçirdiklərini deyib: “Bilirsiniz ki, bölmələrdə üç saata qədər saxlanma yerləri var. Biz monitorinq zamanı 3 saatdan artıq saxlanılan şəxsin olub-olmaması ilə maraqlandıq. Lakin bölmələrdə saxlanılan yox idi”.