İnsult keçirəndən sonra Bakıda xəstəxanaya dostlarımın yanına yoxlanmağa getdim. Lakin dedilər ki, bura jurnalistlər gələcək, bizə problem yaranacaq. Elə bil cüzam xəstəsiydim. Məndə inciklik yarandı. Gürcüstan parlamentində deputat tanışım var, yaxşı həkimdir. Ona görə Gürcüstana getməyə qərar verdim. Bu hadisələrdən bir az uzaqlaşmaq istəyirdim. Elə bilirdim ki, hamı məndən danışır. Həm də qıcolmalarım olurdu. Çox qorxurdum. Bilsəydim ki, ölkədən çıxışıma qadağan qoyulub, getməzdim”.
APA-nın məlumatına görə, bunu bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə həbsdə olan sabiq deputat Gülər Əhmədova deyib.
G. Əhmədova vəkili Əfsər Talıbovun suallarını cavablandıran zaman bildirib ki, Gürcüstana getmək istəyərkən sərhəddə saxlanılıb: “Dedilər ki, gözləyin, polis gələcək. Gəlib apardılar Bakıya. Dedilər, ölkədən qaçmaq istəmişəm. Mən isə dedim ki, istəyirsiniz məni tutun, amma yoldaşımı buraxın, o xəstədir. Xahiş etdim ki, onun gözünün qabağında əlimə qandal vurmasınlar. Orada bir psixoloji təzyiq yaratdılar. Həmin vaxt mənə nə desəydilər, onu da yazacaqdım”.
Hakimlərin suallarını cavablandıran G. Əhmədova E. Abdullayevin yanına seçicilərinin maraqları üçün getdiyini açıqlayıb. O, S. Babayevanın Türkiyədə “Məryəm Solmaz” adı ilə yaşadığı barədə S. Babayeva rəhmətə gedəndən sonra KİV-dən oxuduğunu bildirib.
Bundan sonra prosesdə şahid Tavad Şirvanova ifadə verib. Şahid 2010-cu ilə qədər ABU-da işlədiyini, S. Babayevanı da oradan tanıdığını bildirib.
T. Şirvanova ifadə verəndən sonra prokuror onun indi danışdıqları ilə istintaqa verdiyi ifadə arasında böyük ziddiyyət olduğunu deyib və məhkəmədən T. Şirvanovanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini istəyib. İfadə elan olunub. İfadədə T. Şirvanova G. Əhmədovanın deputat seçilməsi üçün E. Abdullayayevdən 500 min, əlavə şərait yaratması üçün isə 500 min ABŞ dolları alması barədə S. Babayevadan eşitdiyini deyib: “Mən son vaxtlar hər axşam Sevinclə telefonla danışırdım. Sevinc hər dəfə bildirirdi ki, Elşadın pulunu qaytarmadığı üçün Gülərlə danışmır. Sevinc deyirdi ki, Allah Gülərin bəlasını versin, onu Elşadla düşmən eləyib, qazanc mənbəyi kəsilib”.
İfadə elan olunandan sonra T. Şirvanova ibtidai istintaq zamanı verdiyi ifadəyə oxumadan qol çəkdiyini, ifadənin çox hissəsinin ona məxsus olduğunu bildirib.
Sonra şahid Səadət İmranova ifadə verib. Şahid ifadəsində Gülər Əhmədovanın Elşad Abdullayevdən pul almasını Sevin Babayevadan eşitdiyini deyib.
Proses günün ikinci davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.