Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Şirəliyev Elşad Aslan oğlu hamamda çimərkən sönən odun sobasını yenidən yandırmaq istəyib və benzindən istifadə edərkən ehtiyatsızlıq edib. Baş verən partlayış zamanı Elşad Şirəliyevin bədəni tamamilə yanıb. O, təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Ağır yanıq xəsarətləri alan Elşad Şirəliyev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.