Gömrükçülər xüsusi "peşəkarlıqla" gizlədilən narkotik aşkar etdi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xüsusi “peşəkarlıqla” gizlədilən külli miqdarda - 1,7 kiloqrama yaxın psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Dubay aviareysilə gedən İran vətəndaşları Naderi Abdullah Seyfullah və Yeganehdeviç Macid Xodabaxşın səyahət marşrutlarını riskli hesab edən Əməliyat-İstintaq Baş İdarəsinin əməkdaşları onları nəzarətə götürüb və Heydər Əliyev Beynəlxalq hava limanında həmin şəxslərə məxsus baqajlar ciddi yoxlamadan keçirilib. Rentgen aparatında aparılan ətraflı yoxlama zamanı gömrük əməkdaşının xüsusi peşəkarlıq nümayiş etdirərək nadir üsulla gizlədilən narkotik vasitələrin təsvirlərini müəyyən edib.
Bu səbəbdən həmin baqajlara kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış keçirilib və xidməti it də baqajlara reaksiya verib.
Naderi Abdullah Seyfullaha məxsus çamadana ətraflı gömrük yoxlaması keçirən gömrükçülər narkotik vasitənin çamadanın astarının altında, yan divarları formasında xüsusi qaydada düzəldilmiş və yan divarlarına vintlərlə bərkidilmiş yastı təbəqədə olduğunu müəyyənləşdiriblər. Həmin yastı təbəqəyə hopdurulan və ondan çətinliklə ayırd edilən psixotrop maddənin - metamfetaminin təmiz çəkisi 846,141 qram təşkil edib.
Yeganehdeviç Macid Xodabaxşa məxsus çamadandan da eyni qaydada gizlədilən və təmiz çəkisi 848,80 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
735