Ermənistan ordusu Füzuli və Xocavənd rayonları istiqamətlərində cəbhə xəttində möhkəmləndirmə işləri aparır.
APA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, ön xətdəki istehkamların möhkəmləndirilməsi işləri on gündən artıqdır davam edir. İşlər əsasən gecə saatlarında aparılır.
Mənbənin məlumatına görə, qarşı tərəf səngər və uzunmüddətli atəş nöqtələrini möhkəmləndirməklə yanaşı neytral zolaqda minalar basdırır. Eyni zamanda möhkəmləndirmə işləri arxa eşelonlarda da davam etdirilir. Cəbhənin qeyd olunan istiqamətlərində ermənilərin PMZ-4 tipli mexaniki minaəkənlərin hərəkətləri qeydə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi də Qarabağ cəbhəsinin cənubunda yerləşən hərbi hissələrdə və ön xətdə olub.
Xatırladaq ki, ötən həftə Xankəndində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağdakı separatçı silahlı birləşmələrin «müdafiə naziri» Movses Akopyan konkret istiqamətləri göstərməsə də, cəbhə xəttində aparılan möhkəmləndirmə işlərindən danışıb. O, Azərbaycanın diversiya qruplarının Ermənistan ordusunun mövqelərinə sızmasının qarşısının alınması üçün mühüm ərazilərdə mina sahələrinin artırıldığını söyləyib.