Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistan ordusunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz aksiyası keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən xəbərə görə, aksiya Paris Azərbaycan Evi Assosiasiyasının təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Qeyd edək ki, ermənilərdən ibarət bir qrup ekstremist təxribata əl ataraq, aksiya iştirakçılarına zorakılıq tətbiq edib.
Belə ki, 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə) və digər küt alətlərlə silahlanaraq Parisdə Ermənistan səfirliyinin qarşısında dinc şəkildə etirazlarını bildirən 200-dən çox azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq ediblər. Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda hücum edənləri müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb.
Parisdə Azərbaycan Evi Assosiasiyasının tərəfindən təşkil edilmiş bu tədbir diaspora və tələbə qrupları ilə yanaşı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən də dəstək alıb. Aksiyada Fransadakı türk diasporunun nümayəndələri də iştirak edib. Etirazçılar “Sarqsyan – müharibə cinayətkarıdır”, “Erməni terrorçuları”, “Ermənilər – Qarabağı tərk edin” və “Xocalıya Ədalət” kimi şüarlar səsləndiriblər. Aksiya zamanı Qarabağ Şikəstəsi də səslənib.
TEAS-ın direktoru Lionel Zetter etirazçılar qarşısında çıxış edərək deyib: “Biz beynəlxalq hüquqa inanırıq. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının 1 qətnaməsi və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 1 qətnaməsi var. Bunların hamısı bildirir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana məxsusdur. Elə bu həftə AŞPA-nın prezidenti Pedro Agramunt demişdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən dərhal çıxarmalıdır. Əgər Ermənistan silahlı qüvvələri qeyri-qanuni olaraq Azərbaycanın suveren ərazilərini işğal etməsəydi, burada münaqişə olmazdı.”
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva çıxışında aksiyaya erməni qüvvələrinin yeni hərbi təxribatlarına qarşı etiraz bildirmək üçün toplaşdıqlarını bildirib: “Bu, elan edilməmiş müharibədir. Burada 1988–94-cü illərdə baş verənlər davam edir. Həmin hərəkətlər Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaranması ilə nəticələnib. Müharibə qurbanları heç vaxt unudulmamalıdır, xüsusilə Xocalı Qırğınının 613 qurbanı. Bu günə qədər heç nə dəyişməmişdir. Biz ədalətə çağırırıq”.
Daha sonra Mirvari Fətəliyeva şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb.
Nant Azərbaycan-Fransa Mədəniyyəti Assosiasiyasının (ASAF) prezidenti Toğrul Zeynalov da çıxışında Ermənistanın hərbi təcavüzünə etiraz bildirmək üçün toplaşdıqlarını bildirib: “Biz Fransada yaşayırıq və Fransa bizim ikinci vətənimizdir. Biz istəyirik ki, Fransa təcavüzə qarşı hərəkət etsin. Yaşasın Fransa, yaşasın Respublika və yaşasın Fransada olan azərbaycanlılar!”
Etirazçılar ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha fəal olmağa çağırıblar.
Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən - Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pislənib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb edilib.
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxuyub.
Aksiya iştirakçılarının bəyanatını Ermənistan səfirliyinin poçt qutusuna atılıb.