Saxta sərinləşdirici içki istehsalının qarşısı alınır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən “Tural” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən saxta sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisə tərəfindən “tərxun” içkilərinin gigiyenik və uyğunluq sertifikatları, “düşes” içkilərinin isə uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkarlanıb.
Eyni zamanda “Həsənsu” adlı tərxun və “Karona” adlı düşes içkilərinin markalanma məlumatlarında heç bir sənədə əsaslanmadan məhsulun enerji və qida dəyəri, saxlama müddəti barədə məlumatların verildiyi aşkar edilib. Bundan başqa, müəssisə tərəfindən istehlakçıda Gürcüstan Respublikasında istehsal olunduğu təəssüratı yaradan formada markalanmış düşes içkilərinin də istehsal edildiyi müəyyənləşdirilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən “Tural” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.