Dövlət Sərhəd Xidməti 2015-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Lent.az-ın Xidmətiт saytına istinadən verdiyi məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 46 nəfər saxlanılıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Əfqanıstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikistan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qambiya vətəndaşları olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər, Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 15 halda 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
İyun ayının 16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsində Gürcüstandan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü İmanov Şahin Ənvər oğlunun idarə etdiyi AE 7402 ST dövlət qeydiyyat nömrəli “ZAZ” markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 9736 kiloqram olan 23 756 ədəd xaş-xaş kolu yığılaraq iyun ayının 9-da Yardımlı rayon polis şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 13 ədəd 16 mm-lik patron, 29 ədəd 5,45 mm-lik patron, 9 ədəd 9 mm-lik patron, 6 ədəd 16 mm-lik giliz, avtomat silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 2 milyon 201 min İİR valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.