Daxili İşlər Nazirliyi Bakı şəhərində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 18-də Binəqədi rayonu Naxçıvani küçəsindəki “Magic” klubundan Bakı şəhər sakini Səttar Məmmədzadə ürək nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilib. Binəqədi RPİ tərəindən əməliyyat-axtaraş tədbirləri aparılır.
Digər qətl hadisəsi Nizami rayonu ərazisindəki 10 saylı Orta Məktəbin həyətində baş verib. Oradan Salyan rayon sakini Famil Gülüşovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Nizami RPİ və DİN ÇPA-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Kamran Nəcəfov tutulub.
Oktyabrın 17-də Bakı şəhərinin Səbail rayonu ərazisində də qətl hadisəsi törədilib. Ə.Əliyev küçəsindən Bakı şəhər sakini Tərlan Soltanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Ağamirzə Əlizadə tutulub.