Daxili İşlər Nazirliyi (DİN) vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) döyülməsi barədə yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, vəkil Aslan İsmayılovun BMCMİ-də döyülməsi ilə bağlı verdiyi məlumatlar həqiqətdən uzaqdır.
O. Mansurzadə qeyd edib ki, vəkil Aslan İsmayılov bu günlərdə KİV-ə açıqlamalarında konkret cinayətə görə tutulan Rəşad Ramazanova BMCMİ-də guya işgəncə verilməsi barədə həqiqəti əks etdirməyən və böhtan xarakterli məlumatlar yaymaqla polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərib: “Məsələ ilə bağlı vəkil idarənin İstintaq şöbəsinin rəis müavini Canpolad Daanov tərəfindən adı çəkilən Baş İdarəyə dəvət edilib. Söhbət zamanı İstintaq şöbəsinin rəis müavini tərəfindən Rəşad Ramazanovla bağlı yalan və böhtan xarakterli məlumatlar yaymasının yolverilməzliyi, adı çəkilən şəxsin bununla bağlı verdiyi izahatda idarədə hər hansı fiziki təzyiqə məruz qalmadığını qeyd etdiyi vəkilin nəzərinə çatdırılıb. Əksinə, söhbət zamanı vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar. Ona görə vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq şöbəsinin rəis müavini tərəfindən döyülməsi və təhqirə məruz qalması barədə mətbuata açıqlamalarını bütün vasitələrlə gündəmdə qalmağa, ictimai diqqəti özünə çəkməyə və polis barədə qəsdən yanlış rəyin formalaşdırılmasına yönəlmiş təxribatçı bir hərəkət, ucuz sensasiya dalınca qaçmaq, yersiz hay-küy yaratmaq istiqamətindəki növbəti avantürist addım, populizm kimi qiymətləndiririk”.
Vəkil Aslan İsmayılov isə bu gün keçirdiyi mətbuat konfransında BMCMİ-də təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, BMCMİ-nin rəis müavini Canpolad Daanov ona zəng vurub və idarəyə gəlməyini xahiş edib. Bundan sonra A. İsmayılov BMCMİ-nə gedib. İdarədə C. Daanov tərəfindən qəbul edilən A. İsmayılov rəis müavini tərəfindən döyülərək, təhqir edildiyini, daha sonra sərbəst buraxıldığını deyib.
Hadisədən sonra A. İsmayılov Bakı Şəhər Prokuroru Əziz Seyidovun qəbulunda olaraq, baş verən hadisə ilə bağlı məlumat verib. Bundan başqa A. İsmayılov Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə və Baş Prokurorluğun növbətçi hissəsinə məlumat verib.