Martın 30-da Dağıstanın Tabasaran rayonunda polis postu yaxınlığında partlayış törətmiş 2 terrorçudan birinin azərbaycanlı olduğu açıqlanıb.
APA-nın “RİA Daqestan” agentliyinə istinadən verdiyi məlumata görə, bu şəxsin Elçin Nurməhəmməd oğlu Hacıyev olduğu bildirilir. Digərinin isə Şeyxməhəmmədov soyadlı şəxs olduğu müəyyən edilib. Partlayışda ölən hər iki silahlının qalıqları DNT analizinə göndəriləcək.
Hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfax”a bildirib ki, hər işi şəxs “Cənub” dəstəsinin üzvləri olub. İlkin məlumata əsasən, onlar partlayış törətmək üçün Dərbəndə getməyi planlaşdırıblar.
Xatırladaq ki, martın 30-da Dağıstanın Tabasaran rayonunun Sirtıç kəndindəki nəzarət-buraxılış məntəqəsində hüquq-mühafizə orqanının əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa cəhd ediblər. Lakin sürücü onların tələbinə əməl etməyib. Qaça bilməyəcəklərini görən avtomobildəki şəxslərdən biri partlayıcı qurğunu işə alıb. Hadisə nəticəsində bir polis ölüb.
Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.