Rusiya İstintaq Komitəsində 46 yaşlı azərbaycanlı Canpolad Şamiloğlunun qətli ilə bağlı cinayət məcəlləsinin 105-ci (“Qəsdən adam öldürmə”) və 224-cü (“Qanunsuz odlu silah gəzdirmə”) maddələri ilə cinayət işi qaldırılıb. Lent.az-ın məlumatına görə, hazırda baş vermiş qətllə bağlı istintaq hərəkətləri aparılır, axtarış tədbirləri həyata keçirilir.
İlkin ehtimala görə, qətl sifarişlə həyata keçirilib.
İstintaq Komitəsindən Lent.az-a verilən məlumata görə, hadisə Moskvanın mərkəzində, mərhumun yaşadığı “Slavyanski bulvar” küçəsində baş verib. Killer 9 mm kalibrli tapançadan atəş açıb.
Moskvadakı mənbələrdən aldığımız məlumata görə isə iş adamının qətlinin arxasında biznes maraqları durur. Şamiloğlunun sahibi olduğu şirkət Azərbaycandan Moskvaya meyvə-tərəvəz daşımansıyla məşğul imiş.
***
Moskvada güllələnən azərbaycanlı biznesmenə 5 güllə vurulub. Lent.az-ın məlumatına görə, Canpolad Şamiloğlunun sinə nahiyəsinə 3 güllə vuran killer əminlik üçün iş adamını başından da güllələyib. Killer səsboğucu silahdan istifadə edib. Canpoladın meyitini isə evinin girəcəyində həyat yoldaşı aşkarlayıb.
11:59
Moskvada azərbaycanlı biznesmen güllələnib.
APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, hadisə bu gecə Moskva vaxtı ilə saat 03.00 radələrində baş verib.
46 yaşlı Canpolad Şamil oğlu yeraltı avtomobil dayanacağından çıxıb evinə gedərkən binanın girişində güllələnib. Cinayətin killer tərəfindən törədildiyi ehtimal edilir.
Rusiya İstintaq komitəsinin Baş İstintaq İdarəsi hadisənin təfərrüatını araşdırır. Azərbaycanlı biznesmenin tikinti biznesi ilə, o cümlədən meyvə- tərəvəzin satışı ilə məşğul olduğu deyilir.