BQXK Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, BQXK-nın Dağlıq Qarabağdakı ofisi bir Azərbaycan vətəndaşının saxlanıldığı barədə məlumatlandırılıb. BQXK mandatına uyğun olaraq ona baş çəkəcək.
Qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az-ın məlumatına görə, Ermənistan mətbuatı bu barədə qondarma "Dağlıq Qarabağ Respublikasının" "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən xəbər yayıb. Məlumata görə, Cavid Məmmədov cəbhə xəttinin Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Lent.az-a açıqlamasında bildirib ki, belə bir fakt var: "Belə bir fakt var, hazırda müvafiq araşdırma aparılır".