Borçalıda daha bir maqnit adam fəaliyyətə başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əslən Dmanisidən olan 42 yaşlı İsmayıl Kazım oğlu Kazımov bu gün Marneulinin Əzizkənd kəndində müxtəlif idman növləri nümayiş etdirərək sakinləri təəccübləndirib.
O, sinəsinə hər birində 3 qaşıq olan 25 bağlamanı - 75 qaşığı düzüb, sonra sinəsində iki adam oturdub və maqnitin gücü ilə saxlayıb. İ.Kazımov eyni zamanda 160 kiloqram yükü sinəsində saxlaya bilir, sinəsində kərpic qırılır. O, bədənində olan maqnitin gücü ilə 2 tonluq “Ford” markalı avtomobili də çəkib.
Bu gün o, daha bir yenilik edərək “Ford” markalı maşının içinə 13 nəfəri də mindirərək çəkib. “Maqnit adam”ın sözlərinə görə, bu, 3 ton yük edir.
İsmayıl Kazımov APA-ya açıqlamasında Moskvadan dəvət aldığını və Rusiyaya gedəcəyini bildirib: “Mənə bu günlərdə Moskvadan dəvət gəlib və mən Moskvaya getməyi planlaşdırıram, amma yaşadığım Dmanisi Rayon İcra Hakimiyyətinin rəhbərliyi mənə qeyri-adi bacarığımı Gürcüstanda nümayiş etdirməyim üçün sponsorluq edəcəyinə söz verib. Hazırda məni Tiflisə çağırıblar. Mən üç ay əvvəl təsadüfən bildim ki, bədənimdə maqnit var və indi bu qeyri-adi bacarığımı inkişaf etdirmək istəyirəm”.
Qeyd edək ki, İsmayıl Kazımov 3 uşaq atasıdır, Dmanisinin Yırğançay kəndində yaşayır.
Xatırladaq ki, Borçalıda “Maqnit adam” kimi məşhur olan Etibar Budaqlı 6 dünya rekordu qazanaraq 2014-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. O, sinəsində 52 qaşıq və bədənində 147 kq yükü saxlayıb.