BMT mənzil qərargahında Beynəlxalq Novruz günü münasibəti ilə xüsusi tədbir keçirilib.
APA-nın BMT informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, tədbir iştirakçılarına müraciət edən təşkilatın baş katibi Pan Gi Mun bildirib ki, bu bayram təbiətlə harmoniyanı, insan həmrəyliyi və yeni başlanğıcları simvollaşdırır.
“Bu, iqlim dəyişikliyi, yoxsulluqla mübarizə və uzun müddət sürən münaqişələrin həlli problemlərini aradan qaldırmaq üçün tələb olunan dəyərlərdir”, - deyə P. G. Mun bildirib.
Xatırladaq ki, 2010-cu ilin fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası martın 21-i Beynəlxalq Novruz günü elan edib.
2009-cu ildə bu bayram YUNESKO qeyri-maddi mədəni irs nümunələrin reprezentativ siyahısına daxil edilib.