Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 8:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu km-liyində, Ağsu rayonu ərazisində qeydə alınıb.
Balakən rayon sakini, 1954-cü il təvəllüdlü Hüseynov Cavad İdris oğlu idarə etdiyi 01-BK-672 dövlət nömrə nişanlı, “Hyundai SantaFe” markalı minik maşını ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb.
Hadisə nəticəsində maşın tanınmaz hala düşüb və sürücü Cavad Hüseynov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, Balakən rayon sakini, 1973-cü il təvəllüdlü Quliyev Qəhrəman Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücü Cavad Hüseynov və sərnişin Qəhrəman Quliyevin həyat yoldaşları isə yüngül xəsarət aldıqları üçün ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Məlumata görə, hadisə dağlıq ərazidən keçən yolun aşırımlı hissəsində qeydə alınıb. İlkin ehtimala görə, sürücü sükan arxasında qəflətən yuxuya gedib və maşın döngədə yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qeyd edək ki, sürücü Cavad Hüseynov Balakən rayonunda bir neçə mağazanın sahibidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır