İyulun 10-11-də Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) dünyanın korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı mütəxəssislərindən hesab olunan Robert Klitqaardın bu sahədə təcrübəsinə dair seminar keçirib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda Almaniya, Fransa, Rusiya, Avstriya, Braziliya, Polşa, İndoneziya və digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.
Seminarda korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş ölkələrin qabaqcıl təcrübəsi, bu istiqamətdə elektron-informasiya texnologiyalarından istifadənin labüdlüyü, nağdsız pul əməliyyatlarının daha geniş tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi üsulları müzakirə olunub. Tədbir iştirakçılarına paylanmış Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri, əldə edilmiş nailiyyətləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanıb.