Aprelin 3-də Beynəlxalq Mətbuat Mərkəzində ilk dəfə olaraq jurnalistlər arasında təşkil edilmiş İİV\AİDS mövzusunda ən yaxşı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov açıb. O, müsabiqənin keçirilməsi məqsədləri haqqında danışıb. N. Şərifov çıxışında müsabiqəyə az jurnalistlərin qatıldığını da qeyd edib.
Bundan sonra Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin İİV-lə yaşayan insanların şəbəkəsinin PR meneceri Yuliya Raskeviç müsabiqənin qaliblərinə sertifikat və pul mükafatlarını təqdim edib.
Müsabiqədə Lent.az saytının əməkdaşı Ləman Mustafaqızı “4611 nəfərdən biri: “Qan verməyə gedəndə, məlum oldu ki...” adlı yazısı ilə birinci yeri tutub. Digər yerlərin qalibləri İlhamə Əbülfət və Yelena Vəliyeva olub.
Sonda isə müsabiqənin ikinci etapının başlanması və şərtləri haqqında məlumat verilib. Belə ki, tədbirdə iştirak edən jurnalistlər konkursdan kənar müsabiqədə iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin İİV-lə yaşayan insanların şəbəkəsi və AİDS-lə Mübarizə İctimai Birliyi (Bakı) tərəfindən, UNAİDS-in regional ofisinin dəstəyi ilə keçirilib