Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub.
Lent.az xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, yuxarıda bildirilən məsələ ilə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa dəvət edilib.
"Prokurorluq haqqında" qanunun tələblərinə əsasən bildirilib ki, rəhbəri olduğu internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq kimi fəaliyyəti davam edərsə onun barəsində daha ciddi tədbirlər görüləcək. M.Hacıbəyli növbəti dəfə rəsmi xəbərdarlıq edilib.