Cari ilin ilk 1-ci rübündə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən 50-yə yaxın oğurluq hadisəsinin qarşısı alınıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkədə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur. Bu istiqamətdə Abşeron Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, gecə saatlarında Masazır qəsəbəsi, “Yoncalıq” yaşayış massivində yerləşən vətəndaşa məxsus xüsusi texniki vasitələrlə qorunan 17 saylı fərdi yaşayış evindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub. Dərhal xidmətdə olan idarənin tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Baxış zamanı mənzilin dəhliz hissəsindəki dəmir barmaqlıq və pəncərənin naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunması müəyyən edilib. Həmin şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq aidiyyəti üzrə polis orqanına təhvil verilib. Araşdırma zamanı həmin şəxsin əvvəllər məhkum olunmuş Xocavənd rayon sakini Bəxtiyar Aslanov olduğu məlum olub.
Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, cari ilin ilk rübündə DİN BMİ-nin idarə, şöbə və bölmələri tərəfindən paytaxt Bakı, o cümlədən, digər şəhər və rayonlarda 50-yə yaxın oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Hazırda DİN-in Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu səbəbdən yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir yerli və əcnəbi vətəndaş DİN-in Baş Mühafizə İdarəsi və onun yerli qurumlarına müraciət edə bilər.