Bu gecə Bakıda zavoddan çıxan qaldırıcı kran bir neçə elektrik dirəyini aşırıb, naqilləri qoparıb. Hadisə nəticəsində ərazidə böyük təhlükə yaranıb.
APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Yavər Əliyev küçəsində baş verib. Boru izolyasiya zavodundan çıxan qaldırıcı kran sürücünün diqqətsizliyi üzündən 380 voltluq elektrik kabellərini qırıb, bir neçə elektrik dirəyini aşırıb.
Elektrik naqilləri yerə düşdüyündən ərazidə təhlükə yaranıb. Sakinlər dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. “Aərişıq” Açıq Səhmdar Cəmiyyəti hadisə ilə bağlı xəbərdar edilib və əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.
Nəticədə 200-ə yaxın ailə elektriksiz qalıb. Bundan başqa, aşan dirəklər evlərin dam örtüklərinə ziyan vurub.
“Azərişıq” ASC-nin Xətai rayon şöbəsindən APA-ya verilən məlumata görə, səhər saatlarında dirəklər qaldırılacaq, qırılmış məftillər bərpa ediləcək. Yalnız bundan sonra abonentlərə elektrik enerjisi veriləcək. Təmir-bərpa işləri bu gün axşamadək davam edəcək.