Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".
APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".
***
21:16
Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə cəlb olunmuş FHN-nin canlı qüvvəsi və texnikası yanğının digər ərazilərə keçməsinin qarşısını alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.
***
21:05
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat yayıb.
APA-nın xəbərinə görə, nazirlik müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunduğunu bildirib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
20:46
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə FHN-nin canlı qüvvəsi və texnikası işləyir.
Məlumata görə, binadakı sakinlərin hamısı təxliyyə olunub.
Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzi Nobel prospekti, Zığ şosesi və Ramiz Quliyev küçəsində sıxlıq yarandığını, hərəkətin məhdudlaşdırıldığını bildirib.
***
20:09
APA-nın məlumatına görə, yanğın paytaxtın Xətai rayonunda, Zığ şosesində baş verib.
Yağın doqquzmərtəbəli binada qeydə alınıb.
Hadisənin başvermə səbəbi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.