Bakıda dələduzluqla məşğul olan 2 jurnalist həbs edilib
16 may 2013 17:54 (UTC +04:00)

Bakıda dələduzluqla məşğul olan 2 jurnalist həbs edilib

 

Özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslər cinayət başında yaxalanıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Bakı şəhəri 36 saylı Texniki yaradıcılıq mərkəzinin direktoru Dilarə Əliyevanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, 7 may 2013-cü il tarixdə “Korrupsiya və bəşəriyyət” qəzetinin müxbiri Xəyyam Qurbanlı və həmin qəzetin şöbə müdiri Rizvan Mirmövsümov Bakı şəhəri, Çobanzadə küçəsi 49 saylı ünvanda yerləşən 36 saylı Texniki yaradıcılıq mərkəzinə gələrək özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kimi təqdim ediblər. Bundan sonra mərkəzdə yoxlama apacaqlarını bildirərək orada ayrı-ayrı sənədlərin fotoşəkillərini çəkmiş və müəllimlərin işə davamiyyəti ilə əlaqədar iradlarını bildirərək aşkar edilmiş nöqsanlarla bağlı tədbir görülməməsi müqabilində 300 manat məbləğində pul tələb ediblər. Mayın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində qeyd edilən məbləğdə pulu mərkəzin direktoru D.Əliyevadan alarkən hər iki şəxs cinayət başında yaxalanıb. R.Mirmövsümovun idarə etdiyi “Opel Vita” markalı, 90-MF-574 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı ibtidai istintaq üçün zəruri olan sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb, həmçinin avtomaşının qabaq şüşəsinə «KORRUPSİYA» sözləri yazılmış lövhənin yapışdırıldığı müəyyən olunub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb, X.Qurbanlı və R.Mirmövsümov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda həmin şəxslər tərəfindən törədilmiş digər cinayətlərin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar