Sentyabrın 26-na keçən gecə Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində, Zığ yolunda “VAZ 2107”, “Opel” və “QazEl” markalı avtomobillərin toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub.
S.Bayramova həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.
Allah rəhmət eləsin.
*****
25 sentyabr 20:51
Bakıda axşam saatlarında ağır yol qəzası baş verib.
Lent.az-ın
APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Zığ şossesində “SOCAR” yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil idarəetməni itirərək, əks yola çıxıb və “VAZ 2107” markalı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və şəxsiyyəti hələlik məlum olmayan sərnişin gənc qadın hadisə yerində ölüblər. Qəza nəticəsində xəsarət almış “Opel” markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb.
Həlak olmuş şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədləri nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Hadisə ilə əlaqədar araşdırma aparılır.