Bu gün Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin övladları 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. N.Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, dünən İmişli rayonunda baş vermiş dəhşətli yanğın hadisəsi zamanı ev sahibinin iki azyaşlı övladı yanaraq ölmüşdü.