Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Bəhruz Nuriyev küçəsində 21 yaşlı Cəfər Teymurovu qətlə yetirən 22 yaşlı Şahnamiz Hüseynov onu söyüş üstündə bıçaqladığını deyib. Məlum olub ki, hər iki şəxs əvvəlcədən bir-birini tanıyırlarmış və münasibətləri olub. Dünən isə onlar B.Nuriyev küçəsində yaşadıqları binanın həyətində qarşılaşıblar və söhbət ediblər. Söhbət əsnasında gənclərin sözü çəpləşib. Ş.Hüseynovun sözünə görə, Cəfər onu söyüb və əsəblərinə hakim ola bilməyərək tanışını bıçaqlayıb.
Qeyd edək ki, hər iki şəxs müxtəlif tikinti sahələrində fəhləlik edirlərmiş.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdilir.
*****
10:10
Sentyabrın 9-da Bakıda qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 16:30 radələrində B.Nuriyev küçəsində naməlum şəxs bıçaqla Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cəfər Teymurova xəsarət yetirib. O, aldığı xəsarətdən xəstəxanada ölüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.