Ukraynada azərbaycanlını girov götürən cinayətkar qrupun üzvləri həbs olunub.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Vinnitsa vilayətinin Nemirov rayonunda baş verib.
Cinayətkarlar Fuad adlı azərbaycanlının həyat yoldaşından 10 min qrivna pul tələb ediblər. Qadın polisə müraciət edərək bildirib ki, cinayətkarlar ərinə xəsarət yetirəcəkləri ilə hədələyiblər.
Həmyerlimiz cinayətkar qrupun üzvlərinə pul verilərkən azad edilib. Eyni zamanda onun girov götürülməsində əli olan iki nəfəri saxlamaq mümkün olub.
“Mən onlara dedim ki, bu qədər pulum yoxdur. Öldürmək istəyirsinizsə, əziyyət verməyin. Ondansa mənə bıçaq verin, özüm özümü öldürəcəyəm. Maşında məni iki nəfər döyüb”, - deyə girov götürülən azərbaycanlı bildirib.
Cinayəti törədən şəxslərə qarşı cinayət işi açılıb. Onları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.