Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə çərçivəsində hava və dəniz hədəflərinə gəmi artilleriya qurğularından atış yerinə yetiriblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin HDQ üzrə mətbuat idarəsinin nümayəndəsi birinci dərəcəli kapitan İqor Dıqalo bildirib.
APA-nın məlumatına görə, beynəlxalq müsabiqədə ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi təmsil edir.
“Artilleriya atışlarında Rusiya Xəzər Donanmasının “Uqliç” kiçik raket gəmisi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Oral” raket-artilleriya gəmisi iştirak edib. Gəmilər müəyyən edilmiş rayonda mövqe tutaraq hava hədəflərinə atış həyata keçiriblər”, - deyə Dıqalo bildirib.
Yarışların birinci mərhələsində iştirakçı ölkələrin heyətlərinin dəniz hədəflərinə müəyyən olunmuş distansiyaya yaxınlaşma üzrə manevrləri, artilleriya silahları ilə davranma və atış vərdişləri yoxlanılıb.
“Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə avqustun 1-dən 13-dək davam edəcək.