Fevralın 1-də gecə saatlarında Ağcabədi şəhərində özünü yandıraraq intihara cəhd edən qadın Bakıda vəfat edib. Lent.az-ın məlumatına görə, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı yaşadığı evdə özünü yandırdıqdan sonra rayon xəstəxanasına yerləşdirilmişdi. Xəsarətləri ağır olduğundan daha sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilən 52 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Z.Ələkbərova fevralın 10-na keçən gecə vəfat edib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.