Azərbaycanda bu il Həcc ziyarəti üçün ödənişlər ABŞ dollarının kursuna uyğun aparılacaq. Qafqaz Müsəlmanları İdarəsindən APA- ya verilən məlumata görə, bu il zəvvarlardan ödənişlər dolların kursuna uyğun qəbul olunacaq. Buna səbəb son vaxtlar manatın məzənnəsində baş verən dəyişiklikdir.
İdarədən bildirilib ki, manatla ödənişlər həmin günün kursuna uyğun olaraq dollar hesabı ilə götürüləcək.
Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.
Xatırladaq ki, ötən il ödəniş manatla aparılıb.