Bakıda britaniyalı turist qonşusun bağında təbii ehtiyaclarını qarşıladığı üçün polis tərəfindən saxlanıb. Lent.az-ın BBC-Azərbaycana istinadən məlumatına görə, 24 yaşlı Ceyms Andre Younqun başına gələnlər barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, 33 yaşlı Günel Həsənova qonşusu olan turisti həyətində şalvarını aşağı salarkən görüb. İngilis kişinin paltarını soyunaraq ona hücum edəcəyini zənn edən qadın dərhal polisə müraciət edib. Polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılan Younq sərxoş olduğunu deyib və üzrxahlıq edib.