Bərdə rayonunun Bəcirəvan kənd sakini Fəxrəddin Qarayev qızının oğurlanması barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, şikayət daxil olduqdan sonra əməliyyatçılar araşdırmaya başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 19 yaşlı Aysel Baratlı öz həmkəndliləri 41 yaşlı Seyfəddin Quliyev, Elnur Süleymanov, Amil və Zamiq Əliyevlər tərəfindən kənddəki gözəllik salonundan çıxarkən qaçırılıb. Onlar qızı zorla avtomobilə mindirib. Həmin şəxslər qızı Sabirabad rayonuna aparıblar.
İşi araşdıran müstəntiq Çingiz Paşayevin verdiyi məlumata görə, qızı ailə qurmaq məqsədilə qaçırıblar.
“Ailə qurmaq məqsədi ilə qaçırıblar. Amma zor tətbiq etməklə, yəni zərərçəkmişin iradəsinə zidd olaraq, onun razılığı olmadan qabaqcadan qrup təşkil edərək onu qaçırıblar”, - deyə Çingiz Paşayev bildirib.
Qaçırılan Aysel artıq ailəsinə təhvil verilib. Evlənmək üçün bu addımı atdığını deyən Amil Əliyev isə indi törədiyi hadisədən peşmandır.
“Bir səhvdir etmişəm də... Çox peşmanam”, - deyə təqsirləndirilən Amil Əliyev bildirib.
Qeyd edək ki, adam oğurluğunda təqsirləndirilən Amil Əliyevi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Polis hazırda hadisədə digər şəxslərin iştirakının olub olmadığını araşdırır.