Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 11 il əvvəl Şəkidə baş vermiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət bağlı qalmış daha bir ağır cinayətin açılması təmin edilib.
Belə ki, 20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilib və keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki şəhər-rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində X.Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il aprelin 4-də şübhəli şəxs qismində tutulub.
Aparılmış istintaqla müəyyən edilib ki, R.Salamov 2004-cü il oktyabrın 10-da tanışı X.Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək məqsədi ilə adı çəkilən yarımçıq tikiliyə gətirib və boğaraq sonuncunu qəsdən öldürüb. R.Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdırmaqla gizlədib və əynindəki paltarları da çıxararaq zibillikdə yandırıb.
R.Salamov 2015-ci il aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
**
12:53
2004-cü il oktyabr ayının 10-da Xəyalə Mövsümova yaşadığı Şəki şəhərindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, faktla əlaqədar cinayət işi başlanılıb.
Şəki ŞRPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı X.Mövsümovanın həmin gün Şəki şəhərində həmyerlisi, əvvəllər məhkum olunmuş Ramil Salmanov tərəfindən qısqanclıq zəminində boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə şəhər ərazisində basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Salmanov tutulub.
X.Mövsümovanın cəsədinin qalıqları eksqumasiya edilib.
Araşdırmalar aparılır.