Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyətlə iş idarəsinin rəisi, briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş sentyabrın 29-da N saylı hərbi hissədə baş tutub.
Uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trenajorlar nümayiş etdirilib.
Sonra birgə təlimlərin keçirildiyi aerodromda qonaqlara təlimin gedişi barədə brifinq təqdim olunub və növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.
Görüş zamanı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin 2015-ci ilin martında Türkiyədə keçirilməsinin planlaşdırıldığı qeyd edilib.
Görüşlərdə Türkiyə silahlı qüvvələrinin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.